Azərbaycan mədəniyyəti
Ümumdünya Forumunda
Forum dövlət və ictimai
maraqların daha bir təmas nöqtəsidir
Mədəniyyətlər bir-birilə görüşdükdə, sarsılmaz əlaqələr qurduqda xalqlar və dövlətlər də bir-birilə yaxınlaşır, dil tapıb danışa bilir. Uzun əsrlərdir Azərbaycan torpağı insanların, xalqların və mədəniyyətlərin təmas nöqtəsi olaraq qalır. Elə bunun nəticəsidir ki, ölkəmiz bir sıra mədəniyyət tədbirlərinə ev sahibliyi edir. Axır illər ənənəvi olaraq Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. 2013-cü ilin may ayının 30-dan iyun ayının 1-nə qədər paytaxtımızda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib.
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli fərmanı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hər iki ildə bir dəfə Azərbaycanda keçirilməsi qərara alınıb. Fərmana uyğun olaraq, Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbərinin 2012-ci il 25 dekabr tarixli sərəncamı ilə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Tədbirlər Planı təsdiq edilib. Bu Foruvun əhəmiyyətini vurğulayan mədəniyyətşünaslar deyir ki, bu, qloballaşmaya doğru gedən dünyanın qarşısını nisbətən kəsə bilər. Mədəniyyətşünas Cəlalə Əmirxanlının sözlərinə görə, həm iki il öncəki, həm də ki, bu, ilki Forum Azərbaycan Prezidentinin himayəsi ilə keçirilib. O dedi ki, bu mötəbər beynəlxalq tədbir YUNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, BMT-nin Dünya Turizm Təşkilatının, Avropa Şurasının, İSESCO-nun birgə tərəfdaşlığı ilə təşkil edilən yeganə platformadır. Ekspertə görə, bu Forum mədəniyyətlərarası əlaqə ilə bağlı tədbir olsa da, onun siyasi əhəmiyyəti də böyükdür: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ən böyük xeyri odur ki, burada Azərbaycan xalqının, ictimaiyyətinin və dövlətinin milli, mədəni maraqları müdafiə olunur, haqqımız tanınır. Əslində, belə tədbirlərin keçirilməsi üçün Azərbaycanda həm güclü zəmin, həm də əlverişli mühit mövcuddur. Qədim dövrdən bu günə qədər Azərbaycan bütün dünyaya açıq olan bir diyar kimi tanınır və ölkəmizdə hökm sürən yüksək tolerantlıq mühitini insanlarımızla ilk təmasdan hiss etmək mümkündür. Bakıda yanbayan yerləşən müsəlman məscidi, katolik kastyolu, pravoslav kilsəsi, yəhudi sinaqoqu bu mühitin həm sübutu, həm də nəticəsidir. Bütün bu qeydlər Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirilib. Bu Forumun bütün xalqlara və dövlətlərə xeyri var. Forumu dəstəkləyən bütün beynəlxalq təşkilatlar bu tədbirin Azərbaycanda keçirilməsini alqışlayır. Çünki məmləkətimiz müxtəlif xalqları və çeşidli mədəniyyətləri qoruyub saxlayır. Artıq ənənə statusu alan bu Forum xalqlar, millətlər, dövlətlər arasında formalaşan sağlam münasibətlərə xidmət edən növbəti bir addımdır. Mədəniyyətlərarası və sivilizasiyalararası dialoq indi dünyada ən aktual və ən populyar mövzulardan biridir. Bu gün dünyanın müxtəlif ölkələrində bu problemə həsr olunan konfranslar, forumlar keçirilir. Şübhəsiz ki, hər bir belə görüş alqışlanmalı və dəstəklənməlidir. Ən azı ona görə ki, hər bir belə görüş özlüyündə bir növ dialoqdur. Azərbaycan bütün mənalarda belə bir Forumun keçirilməsi üçün münasib yerdir. Burada mədəniyyətlərarası münasibətlər olduqca duru və şəffafdır. Azərbaycan dövləti, bizim qanunlarımız, ictimaiyyətimiz ölkəmizdə yaşayan digər xalqların, mədəniyyətlərin daşıyıcılarının firavan və maneəsiz fəaliyyətini təmin edir. Belə forumlar bizim dövlətin və ictimaiyyətin maraqları ilə üst-üstə düşür. Düşmənçilik, dözümsüzlük, etnik təmizləmələr, soyqırım, müharibələr bugünkü dünyanın reallığıdır. Bu gün dünyada qarşıdurmaların və münaqişələrin sayı azalmır, əfsuslar olsun ki, artır. Əlbəttə, belə olan halda dialoq mövzusuna qatılan insanların - siyasətçilərin, dini və ictimai xadimlərin, alimlərin, sadə insanların, vətəndaşların sayı ildən-ilə artır. Bu da, öz növbəsində, gündəmə müxtəlif fərziyyələr, təkliflər, ssenarilər gətirir. Misal üçün, bir qrup alim əmindir ki, sivilizasiyalararası mövcud olan ziddiyyətlər mütləq qarşıdurma və münaqişə ilə bitəcək, dialoq imkanları artıq tükənməkdədir və belə bir multikulturoloji cəmiyyətin perspektivləri yoxdur".
C.Əmirxanlı həmçinin qeyd etdi ki, Bakıda keçirilən bu Forumun məqsədi çox böyükdür. Onun təşkili qarşıdurmaların qabağını almağa hesablanıb: "Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlər də tapılır. Bizim hər birimiz müxtəlif dinə mənsubuq və bu dinlərin dəyər sistemləri olduqca yaxındır. Biz müxtəlif dinlərdə bir Tanrıya dua edirik və dualarımızın mahiyyəti də eynidir. Lakin biz bu gün insanlıqdan kənar və ağlasığmaz bir faktla üzləşirik. Özünü din xadimi adlandıran biri müqəddəs kitabı - Qurani-Kərimi oda atıb yandırır. Nədir belə hərəkətin adı? Nədir onun məqsədi? Hansı siyasi qüvvələrin sifarişidir bu? Belə insanlar nəyə və kimə xidmət edirlər? Ancaq biz belə bir dəhşətli halın, hadisənin dünya ictimaiyyəti tərəfindən qəti şəkildə pislənməsi ilə də rastlaşmadıq. Nəticədə cəzasız qəddarlıq daha da dəhşətli qəddarlıqla nəticələndi və biz bunun da şahidi olduq. Hesab edirəm ki, zəmanəmizin ən böyük təhlükələrindən biri dinin siyasiləşdirilməsidir. Müxtəlif ekstremist qüvvələr və şüarlar din şüarları altında gündəmə gətirilməməlidir. Tamamilə aydındır ki, belə hərəkətlər, belə hallar dialoqa, normal münasibətlərə zidd olan hərəkətlərdir və yalnız yeni qarşıdurmalar üçün zəmin yaradır. Artıq mədəniyyətlərarası dialoq sırf kulturoloji problem çərçivəsindən çıxıb, böyük siyasətin probleminə çevrilib. Bu gün qloballaşan dünya artıq reallıqdır. Kimsə bunu alqışlayır, kimsə böyük bəla hesab edir. Lakin hər birimiz bu dəyişiklikləri öz həyatımızda hiss edirik. Xüsusilə də məkan və zaman anlayışında, gec-tez, yaxın-uzaq anlayışlarımızda biz bunu hiss edirik.
Fikrimcə, bu gün hər birimiz çox yaxşı dərk etməliyik ki, biz öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı bir ailənin üzvüyük. Qloballaşma prosesi hər birimizi böyük və ümumi bir məkanın sakinlərinə çevirib. Bu məkanda insanlararası, dövlətlərarası, xalqlararası dialoq məhz etik, haqq-ədalət prinsipləri əsasında qurulmalıdır. İndi dünyada həm siyasətdə, həm iqtisadiyyatda hökm sürən qanunlar, əfsuslar olsun ki, ədalətdən və etik normalardan çox uzaqdır. Əgər bu gün biz qlobal etika fərziyyəsi təklif ediriksə, - bu bəlkə də bu gün bir növ utopiya kimi səslənir. Lakin gəlin xatırlayaq ki, bəşəriyyətin bugünkü bir çox nailiyyətləri əsasını vaxtilə məhz utopiya kimi qiymətləndirilən hərəkətlərdən və fikirlərdən götürür. Vaxtilə qadın hərəkatı, genderlik, bərabərlik hərəkatını başlayanda çoxları bunu perspektivsiz utopiya kimi qiymətləndirirdi. Lakin bu gün bu sahədə əldə edilən nailiyyətlər belə yanaşmanın yanlış olduğunu sübut edir".
Forumda müxtəlif ölkələrdən gələn 1000-ə yaxın qonağın iştirakını xüsusi önə çəkən C.Əmirxanlı dedi ki, bu mühüm beynəlxalq məclis çərçivəsində 10-dan çox tədbir və ilk dəfə mədəniyyət və turizm nazirlərinin iştirakı ilə Şərq-Qərb Nazirlər Konfransı keçirilib. II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında keçirildiyini qeyd edən mədəniyyətşünas xatırlatdı ki, Azərbaycanın Şərqlə-Qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi tədbiri daha da maraqlı edib: "Cənab Prezident İlham Əliyev bir söz deyib ki, Bakı coğrafi körpü rolunu oynamaqla yanaşı, mədəniyyətlərarası körpü rolunu da oynamaqdadır və artıq "Bakı prosesi" inkişaf edir. Dövlət başçısı qeyd edib ki, Azərbaycan əsrlər boyu burada yaşayan və müxtəlif dinlərə inanan bütün millətlər üçün vətən olub: "Azərbaycanın uğurlu inkişafında bu amilin rolu böyükdür. Biz istəyirik ki, xoşagəlməz halların qarşısı alınsın. Əfsuslar olsun ki, buna nail ola bilmirik. Dünyanın müxtəlif yerlərində dini və milli zəmində qarşıdurmalar baş verir".Azərbaycanın əsrlər boyu tolerantlıq nümunəsi olduğunu deyən Prezident İlham Əliyev müstəqillik dövründə nəinki bu müsbət meyllərin qorunub saxlandığını, hətta genişləndirildiyini bildirib. Xalqlararası, millətlərarası dialoq bu meylləri gücləndirir. Ölkələrin siyasi, iqtisadi maraqları var. Ölkələrarası münasibətləri gücləndirmək üçün xalqlararası münasibətlər də qurulmalıdır. Bu dünyada hər bir xalq, millət üçün yer var. Təki sülh olsun, əməkdaşlıq olsun. Bizim regional münasibətlərlə bağlı addımlarımız əməkdaşlığa yönəlib. Azərbaycanın müsəlman aləminin bir parçası olduğunu deyən Prezident, eyni zamanda, XIX əsrdən başlayaraq Azərbaycana Avropa təsirinin də özünü göstərdiyini vurğulayıb".
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda keçirilməsinin digər diqqətçəkən məqamını qeyd edən C.Əmirxanlı dedi ki, bu tədbir çərçivəsində Dağlıq Qarabağ münaqişəsi zamanı verdiyimiz itkiləri də qabarda bilirik: "Bu tədbirdə Prezidentimiz İlham Əliyev Ermənistanın yürütdüyü işğalçılıq siyasətindən danışıb. Bildirib ki, işğal altındakı Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən bütün abidələr, binalar, bütün infrastruktur dağıdılıb. Beynəlxalq hüquq normaları bu münaqişənin həlli məsələsində işləmir. Ermənistan BMT TŞ-nin qətnamələrinə məhəl qoymur, işğal davam edir və beynəlxalq hüquq normaları kobud şəkildə pozulur. Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Oradakı bütün toponimlər, abidələr Azərbaycana məxsusdur. Bu fikirlər dövlət başçısına aiddir. O, xalqımızın və dövlətimizin haqq səsini dünyaya çatdırır".
C.Əmirxanlının sözlərinə görə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həm xalqların, həm dövlətlərin marağı artır. Bunu Azərbaycan dövləti və ictimaiyyətinin də diqqətlə izlədiyini deyən ekspert hesab edir ki, belə tədbirlər sayəsində Azərbaycan öz haqq səsini ünvanına çatdıra biləcək.
Qeyd edək ki, mədəniyyətlərin, dövlətlərin, cəmiyyətlərin birliyini, ahəngdarlığını təmin edən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2015-ci ildə paytaxtımızda keçiriləcək.
İradə
SARIYEVA
Bakı xəbər.- 2013.- 20 iyun.-
S. 11.